image-qanunla-reklam
image-382818979_843481783816274_2509167137796415921_n

İki qardaş, müttəfiq ölkə Şərqi Zəngəzurun hava qapısını birgə açmaqla bu birliyin sarsılmazlığını nümayiş etdirdilər

image-lady-day-az

İki qardaş, müttəfiq ölkə Şərqi Zəngəzurun hava qapısını birgə açmaqla bu birliyin sarsılmazlığını nümayiş etdirdilər

Diqqəti qardaş ölkənin Prezidentinin mətbuata bəyanatında yer alan bu mühüm məqama yönəldək: İşğaldan azad edilmiş ərazilər bərpa-quruculuq işləri ilə yanaşı, eyni zamanda, erməni vəhşiliklərinin, vandalizmin nümayişidir. “İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar”, – söyləyən Rəcəb Tayyib Ərdoğanın “Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər” fikirləri özündə bütün məqamları ehtiva edir. Bu baxımdan ki, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə dünya erməni vəhşiliklərini, onların törətdikləri təxribatları görür. Amma susmaqla Ermənistana dəstəklərini ifadə edirdilər. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun bu illər ərzində fəaliyyətini Ermənistana dəstək istiqamətində qurduğu bütün addımlardan aydın görünürdü. Həm rəsmi Bakı, həm də rəsmi Ankara dəfələrlə ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin qəbuledilməzliyini önə çəkərək buna son qoyulmasına bir çağırış edirdilər. Amma dəyişən nə oldu? Təbii ki, heç nə. Maraqların beynəlxalq hüququ üstələdiyi bir dünyada hər hansı məsələnin ədalətli həllini gözləmək mümkün deyil. Ən əsası bir halda ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözləməli oluruq, bu halda dünyanın, sözün əsl mənasında, hüquq problemini yaşadığını böyük əminliklə qeyd edə bilərik. Türkiyə Prezidentinin məlum bəyanatında bu kimi məqamlar öz əksini tapdı. Bəyan edildi ki, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq.

“İkinci Qarabağ müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyi ilə qazandığımız tarixi Zəfər əminliklə səsləndirilən bu bəyanatların reallıqda təsdiqidir”, – söyləyən Vüqar Rəhimzadə bildirib ki, bu gün hər yerdə gur səsləri birgə eşidilən, ədalətsizliyə, haqsızlığa qarşı birgə mübarizə aparan Azərbaycan və Türkiyə birliyi dünyaya nümunədir. Bu gün iki qardaş ölkənin bayraqları hər yerdə qoşa dalğalanır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu, ürəkdən gələn duyğulardır, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir və bir yerdə olacaq. Zəngəzur dəhlizi ilə bağlı narahatlıq keçirən dairələrə mesajlarını da çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Azərbaycanın Ermənistana qarşı atdığı addımların, irəli sürdüyü təkliflərin bir məqsədi olduğunu bildirərək dedi: “Bölgəmizin firavan gələcəyini inşa etmək, açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanın müasir hava nəqliyyatı infrastrukturunun daha da inkişafı üçün uzun illər ərzində böyük işlər görülüb

Bu gün Azərbaycan dünyaya örnək olan mənzərə yaradıb. 30 il işğal altında qalan Qarabağ erməni vandalizmi nəticəsində böyük dağıntılara məruz qalmışdı. Ağdamı, Füzulini, Cəbrayılı və işğaldan azad edilən digər əraziləri görən hər kəs burada baş verən insanlıqdankənar hərəkətlərin nəticələrini təəssüflə qarşılayır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ən qısa zamanda ciddi işlər görərək, Qarabağda dağıntıların nəticələrini aradan qaldırır, oraya yeni həyat verir. Dövlətimizin başçısının iradəsi və qətiyyəti sayəsində keçmiş məcburi köçkünlər artıq işğaldan azad edilən bölgələrə dönürlər. Ağalı kəndinin timsalında Qarabağda, ümumiyyətlə, regionda ilk olan yeni şəhərsalma elementlərindən istifadə edilib. Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağa səfərlər edir, quruculuq işləri ilə birbaşa yerində tanış olur. Qarabağın dirçəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Qalib ölkənin qalib vətəndaşları indi Qarabağın necə inkişaf etdiyini, burada hansı genişmiqyaslı işlərin aparıldığını böyük maraq və qürurla izləyirlər.

Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri 44 günlük Vətən müharibəsi zamanı tarixi qələbələrin qazanıldığı günlərə təsadüf edir. Dövlətimizin başçısı Qarabağdakı hər bir yeniliyi və inkişafı şəxsən idarə edir. Onun sıx iş qrafikinə rəğmən, işğaldan azad edilən bölgələrə mütəmadi səfərləri dediklərimizin əyani sübutudur. Prezident İlham Əliyev Qarabağda istifadəyə verilən infrastruktur layihələrinin, müasir tikililərin açılışlarını edir, həmçinin Qarabağda yaşamağa başlayan insanlarla görüşlər keçirir.

İşğaldan azad edilmiş ərazilərdə sayca ikinci olan aeroportun – Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağ və Zəngəzurun gələcəkdə Qafqazın ən önəmli turizm məkanı olacağını göstərir. Bu bölgələr Azərbaycanın turizm potensialı baxımdan ən inkişaf etmiş regionlarına çevriləcək. Növbəti illərdə işğaldan azad edilmiş Laçında da hava limanının istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda isə paytaxt Bakıdan Füzuliyə, Zəngilana çox qısa vaxtda çatmaq mümkündür. Eyni zamanda, həyat bərpa olunduqdan sonra Qarabağdakı hava limanları mühüm turizm səyahət mərkəzlərindən biri olacaq.

Azərbaycanın müasir hava nəqliyyatı infrastrukturunun daha da inkişafı üçün uzun illər ərzində böyük işlər görülüb. Ölkəmiz Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportuna malikdir. Ümumilikdə Qarabağ zonasında tikilən hava limanlarının məhz bu üç ərazidə olması həmin bölgənin coğrafi əhəmiyyətini bir daha nümayiş etdirir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

İki qardaş ölkənin liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirərək yeni zirvələrə birlikdə addımlayırlar

Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda bölgədə yeni siyasi, iqtisadi, hərbi konfiqurasiyanın formalaşması mühüm amillərdən biridir. Proseslərin mərkəzində isə 44 günlük müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan və hər zaman dövlətimizə siyasi və mənəvi dəstək verən qardaş Türkiyə dayanır. Prezident İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş başa çatdıqdan sonra mətbuata verdiyi bəyanatda dünyaya bununla bağlı ciddi mesajlar verdi. Dövlətimizin başçısı bəyan etdi ki, bundan sonra bölgədə gedən işlər Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. Xalıqmız belə bir geosiyasi reallığı yaratmış lideri ilə həqiqətən qürur duyur.

Regionumuzda sabitlik və əməkdaşlıq üçün yeni imkanların yaranması Azərbaycanın gücü, siyasi iradəsi və proseslərdə aparıcı qüvvə kimi iştirak etməsi sayəsində baş verib. Qazanılan möhtəşəm Zəfər və postmüharibə mərhələsində işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyükmiqyaslı işlər Azərbaycanın gücünü ifadə edir. Eyni zamanda, bu prosesdə qardaş Türkiyənin oynadığı rol xüsusi vurğulanmalıdır. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixin çətin sınaqlarından keçərək möhkəmlənib. Ta qədimdən gələn qırılmaz bağlarla, möhkəm ənənələrlə, dil, din, mənəvi dəyərlər eyniliyi ilə bir-birinə sıx bağlı olan iki ölkə və xalq çətin və şad günlərdə həmişə bir yerdə olurlar. Ötən il imzalanan Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xərtəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Cəbrayıl şəhərində mətbuata bəyanatında söylədiyi kimi, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir.

Cəbrayıl şəhərində mətbuata birgə bəyanat zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da önəmli mesajlar verdi. Cənab Ərdoğan işğaldan azad edilmiş ərazilərmizdə görülən işləri çox yüksək dəyərləndirdi. Türkiyə Prezidenti Zəngəzur dəhlizi ilə bağlı mesajlarını da ifadə etdi: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”. Qardaş ölkənin lideri Ermənistana da öz tövsiyələrini verərək deyib ki, açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir.

Beləliklə, gerçəkliklər iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir. Bir daha sübuta yetirilir ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı bənzərsiz bir nümunədir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. Və iki qardaş ölkənin liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə birlikdə addımlayırlar.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi önəm kəsb edir. Çünki bu səfər zamanı Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən və regionun gələcək inkişafında önəmli rol oynayacaq addımlar atıldı. Dövlət başçılarının Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi tarixi hadisədir.

Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsi idi və 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bunu bir daha təsdiqləyir. Bu hava limanı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq.

Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək.

Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata birgə bəyanatla çıxışları zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

Həyata keçirilən layihələr Azərbaycan və Türkiyənin regionda önəmini daha da artıracaq. Bu da o deməkdir ki, güclənən Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas amildir.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Zəngəzur dəhlizi zamanın və qalib Azərbaycanın haqlı tələbidir

Türkiyə Prezidentinin Azərbaycana bu səfəri də əksər beyin mərkəzlərinin, xüsusilə ermənipərəst dairələrin diqqətində idi. Dünyada, o cümlədən bölgəmizdə cərəyan edən geosiyasi proseslər fonunda beynəlxalq diqqətin bu səfərə fokuslanması təsadüfi deyil. Ermənistanın siyasi-hərbi rəhbərliyi, ona patronajlıq edənlər, erməni sevdası ilə “alışıb-yanan” dairələr görəndə ki, cəmi iki ilə yaxın müddət ərzində inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanına ilk rəsmi səfəri məhz Türkiyə Respublikasının Prezidenti edir və hər kəsə hər şey əladır mesajını verir, heç şübhəsiz, bu möhtəşəm qardaş birliyi onların qayğılarını, “dərd-sərini” bir az da artırır, Ermənistana isə əlavə məyusluq yaşadır.

“Böyük siyasətçilər arasında bəzən elə ani, gözlənilməz dialoqlar baş verir ki, bu zaman ötürülən mesaj mahiyyət yükünə görə hər hansı bəyanatdan daha kəsərli alınır, rəsmi mərasimin fikir yükünü bütün incəliyi ilə kənar müşahidəçilərə çatdıra bilir. Belə dialoqlardan biri də Zəngilan Hava Limanının açılış mərasimində qırmızı lent kəsilərkən baş verdi. Türkiyə lideri Prezident İlham Əliyevə xitabən incə yumorla soruşdu ki, qayçının tutacağı qızıldandırmı? Azərbaycan Prezidentinin ilk baxışdan qısa, amma mahiyyətcə mərasimin beynəlxalq səviyyəli ictimai-siyasi əhəmiyyətini ehtiva edən cavabı, əslində, məlum ünvanlara növbəti tutarlı mesaj idi: “Qızıla bənzəyir, amma Siz kəsəcəksiniz, qızıldan da qiymətli olacaq”. Prezident İlham Əliyevin təkcə bu qısa replikası kifayətdir ki, qısqanc dairələr, nəhayət, mövcud reallığı qəbul edib bununla barışsınlar: Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə, din və dil birliyinə, sözlə əməlin vəhdətinə söykənir. İki qardaş ölkə liderlərinin ali səmimiyyəti zəmanət verir ki, bu dəyərlərdən hər biri bütün digər maraqların fövqündə dayana bilsin.

Prezident İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi növbəti fikir isə, iki qardaş ölkənin liderləri səviyyəsindəki mövqe və siyasi iradə birliyinin göstəricisi, dünyaya verilən və biri digərini tamamlayan ümumi mesajın ayrılmaz tərkib hissəsidir

Beynəlxalq media mənsubları bu cür açıq mesajların ardınca adətən bildirirlər ki, əlavə şərhə ehtiyac yoxdur. Həqiqətən də belədir. Bu bəyanatlardan sonra qısqanc yanaşmaya və süni narahatlığa heç bir əsasın olmadığı ilə bütün maraqlı qüvvələr gec-tez barışmalı olacaq. Çünki yalnız bu yol bölgəmizdə dayanıqlı sülhə, qarşılıqlı şəkildə faydalı əməkdaşlığa və ölkələrin müstəqil və suveren yaşamaq haqqının qorunmasına xidmət edir. Təhlükəsiz dünya nizamının təmin olunması da yalnız bu seçimdən keçir. Ümid edək ki, bəzi böyük dövlətlər və qısqanclıq göstərən ölkələr beynəlxalq hüququn və bu hüquqa söykənən suveren imtiyazların maraqlardan üstün tutulmalı olduğunu, nəhayət, qəbul edəcəklər. Razılaşmalı olacaqlar ki, selektiv yanaşmadan imtina edilmədikcə, ərazi bütövlüyünün qorunması prioritet hüquqa çevrilmədikcə, böyük-kiçikliyindən asılı olmayaraq, heç bir ölkə mümkün təhlükələrdən sığortalana bilməyəcək. Əminəm ki, başqalarının oyununda ənənəvi alət rolunda çıxış edən Ermənistan rəhbərliyi də gec və ya tez bunu başa düşəcək. Başa düşəcək ki, Zəngəzur dəhlizi də zamanın və qalib ölkənin haqlı tələbidir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki