image-qanunla-reklam
image-347235316_820672149412565_7732043820783374032_n

Ölkəmizin inkişafı, tərəqqisi Pakistanın Baş nazirində dərin təəssürat yaratdı

image-lady-day-az

Ölkəmizin inkişafı, tərəqqisi Pakistanın Baş nazirində dərin təəssürat yaratdı

“Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Təkcə son günlər qeyd edilən istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi və bir gün sonra Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə gəlişi həm ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi, həm də dünyaya ünvanlanan mesajlar baxımından xüsusi diqqət çəkir.   44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə, həmçinin Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının nümunəsini gördü. Azərbaycanın küçə və meydanlarında üç dost ölkənin bayraqları birgə dalğalandı və bu gün də dalğalanır. Bu qardaşlıq telləri tarixi Zəfərimizdən sonra daha da möhkəmləndi. Belə ki, 2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə müttəfiqliyini rəsmiləşdirən Şuşa Bəyannaməsinin ardınca həmin ilin iyul ayında Bakı Bəyannaməsi imzalandı. Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin Bakıda bir araya gəlməsi və bu birliyi təsdiqləyən sənədin imzalanması özündə bütün məqamları ehtiva edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər də iki dost ölkənin münasibətlərinin dünəninin, həmçinin qarşıdakı dövrün hədəflərinin aydın mənzərəsini yaratdı. Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir.”

Ölkəmizin inkişafı, tərəqqisi Pakistanın Baş nazirində dərin təəssürat yaratdı və gördüyü reallıqları cənab İlham Əliyevin  liderliyinin və bu illər ərzində göstərdiyi dinamik səylərin göstəricisi kimi dəyərləndirdi: “Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, Bakını  dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə etmək mümkündür. Ölkəmizin şəhərsalma və yaşıllaşdırma sahəsində təcrübəsi təqdir edildi. Paytaxt Bakının timsalında Azərbaycanın şəhərsalma təcrübəsi özünün aydın ifadəsini tapır. Hazırda dünya bu təcrübəni işğaldan azad edilmiş ərazilərinmizin bərpasında və yenidən qurulmasında görür. Bütün şəhər və kəndlərimiz Baş plan əsasında qurulur. Müasirliyin və qədimliyin sintezinin yaradılması təkmil təcrübəmizdə öz əksini tapır. Bu baxımdan Pakistanın Baş naziri ölkəsinin Azərbaycanın bu sahədə təcrübəsinə böyük ehtiyacı olduğunu bildirdi.”

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Pakistan daim Azərbaycan xalqının yanında olub

Pakistan ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər durmadan inkişaf etməkdədir. Çoxtərəfli münasibətlər dedikdə siyasi, iqtisadi, enerji, hərbi-sənaye, həmçinin turizm sahələrində olan əməkdaşlıq nəzərdə tutulur. Müstəqillik qazandığımız dövrdən hazırkı dövrə qədər Ermənistan-Azərbaycan münaqişəsində Pakistanın birmənalı olaraq Azərbaycana dəstək göstərməsi danılmaz faktdır. Bu işdə əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi və onun siyasi kursunu davam etdirəm Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir.

Pakistan daim Azərbaycan xalqının yanında olub, 44 günlük Vətən müharibəsində bu özünü daha parlaq şəkildə göstərib. Azərbaycanla münaqişə şəraitində olduğuna görə Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdən biri də Pakistandır.

Ölkələrimiz arasında iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə ticarət əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə hər iki ölkənin daha sıx əlaqələr qurmasını inkişaf etdirəcək. O cümlədən bankçılıq, kibertəhlükəsizlik, tibb, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı təcrübə proqramları mübadiləsinin genişləndirilməsi hər iki ölkə üçün xüsusilə vacib amillərdəndir.

Pakistanın həm ərazisinə, həm də əhali sayına görə müsəlman ölkələri arasında xüsusi çəkiyə, eyni dinə mənsub olması da münasibətlərin ən yüksək səviyyəyə çatıdırlmasına xidmət edən əsas faktorlardandır.

Azərbaycanın vacib xarici tərəfdaşı kimi Pakistanla iqtisadi münasibətlər daha da dərinləşdirilməli və növbəti illərdə ticarət dövriyyəsinin də artırılması istiqamətində mühüm addımlar atılmalıdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Beynəlxalq ictimaiyyət Ermənistanı təxribatlardan çəkindirməlidir

Bu günlərdə çox mühüm hadisələr baş verdi. Türkiyənin yenidən seçilmiş dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfərləri, verilən mesajlar, imzalanan sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlığın bariz nümunəsidir. Azərbaycan, Türkiyə və Pakistan – bu üç dövlətin əməkdaşlığı həm ikitərəfli, həm üçtərəfli, həm də çoxtərəfli formatda inamla inkişaf edir. Eyni zamanda, Böyük Qayıdış planına uyğun olaraq, Laçına ikinci köç baş tutdu. Bütün bu önəmli hadisələrin fonunda Ermənistan silahlı qüvvələri Laçında dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribat törətdilər. Bu, Ermənistanın və onun havadarlarının növbəti hərbi və siyasi təxribatı idi.

Hadisənin əsl məqsədi Azərbaycan tərəfdən sərhəd-buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə onların Laçın yolu ilə hərəkətinə əngəl yaratmaqdır. Bu, həm də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz aktıdır. Bu təxribat göstərir ki, ya Ermənistan öz silahlı qüvvələrini idarə edə bilmir, ya da hələ də xəyallar quran revanşist qüvvələrin, daha doğrusu, cinayətkar hərbi dəstələrin nəyəsə, kiməsə ümidləri qalmaqdadır. Növbəti danışıqlar ərəfəsində belə bir hadisənin baş verməsi iki ölkə arasında normallaşma və sülh prosesinə maneə yaradır. Lakin Ermənistan və ona dəstək verən qüvvələrin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaq. Əlbəttə ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin bu təxribatını pisləməli, İrəvanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə çağırmalıdır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Ölkəmizin həm Türkiyə, həm də Pakistanla müttəfiqlik əlaqələrini möhkəmləndirməsi bəzilərini narahat edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi və bir gün sonra Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə gəlməsi kifayət qədər önəmli hadisələrdir. Həm Türkiyə, həm də Pakistanla müttəfiqlik əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

2021-ci il iyunun 15-də Türkiyə və Azərbaycanın imzaladıqları Şuşa Bəyannaməsi ilə dövlətlərarası münasibətlərdə yol xəritəsinin əsas istiqamətləri aydın şəkildə ifadə olunub. Paralel olaraq Pakistanla siyasi, iqtisadi, mədəni və sosial sahələr üzrə müttəfiqlik əlaqələri mütəmadi şəkildə inkişaf etdirilir.

Xüsusilə yaxın keçmişə nəzər saldıqda, hər iki dövlətin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara münasibətdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi və ədalətli çıxışları dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadı və strateji tərəfdaşlığı möhkəmləndirən əsas faktorlar kimi dəyərləndirilə bilər. Dünyanın ən güclü hərbi alyansının – NATO-nun üzvü və beynəlxalq münasibətlər sisteminin əsas aktorlarından biri olan Türkiyə, eyni zamanda, nüvə silahına sahib yeganə müsəlman ölkəsi kimi kifayət qədər güclü hərbi potensiala sahib Pakistanla möhkəm müttəfiqlik əlaqələri, onların Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, heç şübhəsiz, Ermənistanın və onu himayə edən siyasi dairələrin narahatlığını göstərən amillərdir.

Hər iki dövlətin İslam dünyasını təmsil edən güclü aktorlar olduğunu da nəzərə alsaq, Ermənistanla yanaşı, cənub qonşumuzun da narahatlığı ilə bağlı məsələlər də başadüşüləndir. Amma təəssüf olsun ki, özünü İslam həmrəyliyinin “birləşdirici gücü” olaraq təqdim etməyə çalışan İranın qərəzli anti-Azərbaycan çıxışlarına cavab olaraq Türkiyə, Pakistan və İslam dünyasının əksər dövlətlərinin ərazi bütövlüyü prinsipinə münasibətdə ədalətli mövqe nümayiş etdirməsi, səsləndirilən bəyanatlar da Tehrana öz dini kimliyindən irəli gələn ədalət anlayışını xatırlatmaq üçün yetərli olmayıb.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Pakistanın Baş nazirinin səfəri strateji tərəfdaşlığı inkişaf etdirmək istiqamətində daha bir uğurlu addım oldu

Azərbaycan, Türkiyə və Pakistan öz münasibətlərini möhkəmləndirərək nəinki energetika, həm də qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən Orta Dəhlizin inkişafına töhfə verirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçiləndən sonra Azərbaycana ilk səfəri zamanı müxtəlif ölkələrin ünvanına bir sıra ismarışlar göndərib. Onun Şuşa Bəyannaməsinin mühümlüyünə, Şuşa şəhərinin və Zəngəzur dəhlizinin əhəmiyyətinə dair, eləcə də bu məsələyə qonşu dövlətlərin, o cümlədən İranın yanaşması ilə bağlı fikirləri diqqətəlayiqdir. Azərbaycan və Türkiyə regional təhlükəsizliyin möhkəmləndirilməsi, kommunikasiya və nəqliyyat xətlərinin inkişafı ilə məşğuldurlar. Bu baxımdan Azərbaycan-Pakistan münasibətləri də mühüm əhəmiyyətə malikdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu kontekstə uğurla əlavə edilir: bu səfər Bakı və Ankara qarşısında duran prosesləri və vəzifələri təkmilləşdirir.

Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı regiona təhlükəsizlik, sabitlik və inkişaf gətirəcək.

Məhəmməd Şahbaz Şərifin səfəri Pakistanın Azərbaycanla strateji tərəfdaşlığı daha da inkişaf etdirmək, ölkələrimiz arasında hərbi, təhlükəsizlik, iqtisadi sahələrdə əməkdaşlığı dərinləşdirmək mövqeyini bir daha nümayiş etdirdi: “Prezident İlham Əliyevin xarici siyasətində Pakistanla əməkdaşlığı xüsusi istiqamət kimi qeyd etmək olar və dövlət başçısının zamanında irəli sürdüyü təşəbbüslər, tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı atdığı addımlar ikitərəfli əlaqələrin möhkəm təməlini qoyub. Azərbaycanın xarici siyasətində, ölkəmizin xüsusən müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsində İslamabad xüsusi önəm kəsb edir. Pakistanın Baş nazirinin budəfəki səfəri göstərdi ki, bu əməkdaşlıq zamanın sınağından uğurla çıxıb və ölkələrimizin maraqlarını əks etdirir. İkitərəfli əlaqələr hər iki ölkənin strateji dəyərini artırır, regional və qlobal müstəvidə mövqelərini möhkəmləndirir. Pakistanın Baş nazirinin, həmçinin bundan əvvəl İsrail və Türkiyə prezidentlərinin səfərləri 44 günlük Vətən müharibəsində mərkəz Azərbaycan olmaqla, şərti olaraq “Qarabağ alyansı” adlandıra biləcəyimiz rəsmi Bakının müttəfiqlərinin mövqeyini, dəstəyini bir daha dünyaya bəyan etdi. Prezident İlham Əliyev bir daha müttəfiqlərini bir arada tutmaq, maraqları uzlaşdırmaq və ortaq hədəflər müəyyən etmək strategiyasını məharətlə həyata keçirdi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır

Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verib. Öncə onu qeyd edim ki, Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edib. Eləcə də məhz Azərbaycan ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm də işğalçı ölkəni bir dövlət kimi rəsmən tanımayıb. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür.

Bu ölkənin kütləvi informasiya vasitələri, demək olar ki, hər gün müharibənin gedişi ilə bağlı məlumatlar verir, həqiqəti ölkə və dünya ictimaiyyətinə çatdırırdılar. Bu qardaş dəstəyini hər bir azərbaycanlı öz üzərində hiss edir, buna minnətdarlıq əlaməti olaraq ölkəmizin hər yerində qardaş Pakistanın bayrağı bizim bayraqla birgə dalğalandırılırdı. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan-Pakistan əlaqələri bir çox sahələri əhatə etməklə daim yüksələn xətlə inkişaf yolu tutub. Bu münasibətlər hər iki ölkənin xarici siyasətində prioritet təşkil edib, həm ikitərəfli, həm də çoxşaxəli xarakter alıb.

Belə bir məqamda böyük hərbi gücü olan, iqtisadi imkanları getdikcə genişlənən Pakistanla əlaqələrimizin inkişafı son dərəcə önəmlidir. İnanırıq ki, qardaş ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, keçirilən görüşlər, aparılan müzakirələr dönməz xarakter alan mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq. Bu səfərdə ticarət və sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu da, təbii ki, qeyd olunan sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur və bunun üçün potensial xeyli yüksəkdir.

Hərbi təlimlərə gəlincə, bunun önəmini dövlətimizin başçısı İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, təlimlərin sayının artırılması nəzərdə tutulub. Məlumdur ki, Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri mütəmadi təlimlər keçir, döyüş qabiliyyətlərini artırırlar. Təbii ki, bu da dövlətlərimizin müdafiə qüdrətinin artırılması, müstəqilliyin və ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Pakistan tərəfi, həmçinin Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh bağlayacağı təqdirdə bərpa edəcəyini söyləyir

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri Azərbaycan-Pakistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Pakistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb.

44 günlük Vətən müharibəsi dövründə Pakistan beynəlxalq hüququn, haqq-ədalətin yanında yer aldı, Azərbaycan torpaqlarının işğalına birmənalı şəkildə qarşı çıxdı. Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana yanaşması dost-qardaş münasibətləri kontekstində olub. Bu gün Azərbaycan və Pakistan bir çox sahələrdə əməkdaşlıq edir. Həmçinin Azərbaycanın Pakistanla əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də çoxşaxəlidir.

Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri müxtəlif təlimlərdə və beynəlxalq tədbirlərdə birlikdə iştirak edirlər. Prezident İlham Əliyev ölkəmizlə Pakistan arasındakı hərbi əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi ilə bağlı açıqlama verdi ki, bu da böyük əhəmiyyətə malikdir. Ümumilikdə Azərbaycanın Pakistan kimi müasir silahlara və hərbi siyasətə malik olan bir ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi çox vacibdir.

Pakistan tərəfi, həmçinin Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh bağlayacağı təqdirdə bərpa edəcəyini söyləyir: “Pakistanın Baş nazirinin bunu Azərbaycanda ifadə etməsi, eyni zamanda, Prezident İlham Əliyevi Pakistana səfərə dəvət etməsi çox önəmli diplomatik mesajlardan biridir. Düşünürəm ki, Azərbaycan-Pakistan əməkdaşlığı həm də regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malikdir”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur

Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu günədək də Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi tanımayıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. O deyib: “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik”.

Ümumiyyətlə, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət İslam dünyasında əlaqələrin inkişafına, müsəlman ölkələrinin maraqlarının müdafiəsinə yönəlib. Azərbaycan da hər zaman Türk və İslam dünyaları ilə sıx münasibətlər qurub. Bu baxımdan ölkəmizin Türkiyə və Pakistanla münasibətləri xüsusilə vurğulanmalıdır. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, 15-də isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərləri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür.

Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. bu səfər mövcud əməkdaşlığın və tərəfdaşlığın möhkəmlənməsinə daha bir töhfə olacaq.

Strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə yönəlib. Pakistan, eyni zamanda, işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və reinteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir.

Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir. Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Pakistanın Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələdə inkişafına zəmin yaradacaq

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir.

Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətt üzrə davam etdiyini vurğulayan siyasi şərhçi deyib: “Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır”.

Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir.

Təəssüf ki, İslam adına iddia edən İranın timsalında bunun tam əksini görürük. İran İslam ölkəsi olduğunu iddia edir, amma İslam düşməni olan Ermənistana verdiyi dəstəklə, hətta “qardaşlıq” etməsi ilə, yumşaq desək, yalan danışdığını nümayiş etdirir. Bununla həm də təsdiq olunur ki, İran İslamdan yalnız öz maraqları üçün istifadə edib. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan isə yürütdükləri siyasətlə İslam dininə, İslam dünyasına necə dəyər verildiyinin nümunəsini yaradıb. Bu baxımdan Pakistan Azərbaycan üçün həmişə minnətdarlıqla yad edilən ölkədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığının daha da güclənəcəyi və Avrasiyada həlledici rola malik olacağı gözləntisini artırır. Üç ölkə həm yerləşdikləri coğrafiya, həm malik olduqları potensial və beynəlxalq siyasətdə nüfuz baxımından bölgədə seçilir. Hər üç ölkənin yaratdığı müttəfiqlik oxu Avrasiyanın istər nəqliyyat xətlərinə nəzarətə, istərsə də siyasi proseslərə təsir etməyə imkan verir. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Türkiyə-Azərbaycan-Pakistan ittifaqı özünü bölgədə daha güclü şəkildə göstərəcək.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Azərbaycan-Türkiyə-Pakistan ittifaqı regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək

Son illərdə yaranan Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi ittifaqı regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında hərbi ittifaq yaranıb. Faktiki olaraq bu ittifaqa Pakistan da qoşulub. Pakistan 44 günlük Vətən müharibəsində Azərbaycanı çox fəal şəkildə dəstəkləyib. Bundan əlavə, Azərbaycanın terrorizmlə mübarizədə təcrübəsi Pakistanda maraq doğurur. Bu cür əməkdaşlıq yeni xəbər deyil, çünki bu tendensiya artıq bir neçə ildir ki, müşahidə olunur. Xatırladım ki, Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq uzun müddət – 40 ilə yaxındır mövcuddur. Bir çox pakistanlı hərbçilər Türkiyədə təlim keçib. Bu üçtərəfli hərbi ittifaq regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Regional təhlükəsizlikdən danışan ekspert əlavə edib ki, Azərbaycan çox gözəl strategiya seçib: rəsmi Bakı tərəfindən irəli sürülən “Şimal-Cənub” layihəsi, eləcə də İpək yolu üzərində yerləşməsi onun Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə töhfə verəcək və eyni zamanda, təhlükəsizliyini möhkəmləndirir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki