44 günlük Zəfər savaşında hər gün qələbə xəbərləri gəlirdi
İkinci Qarabağ müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri işğalçılardan təmizləndi.
44 günlük Zəfər savaşında hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də qürur hissi ilə xalqa çatdırdı: «Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!»
Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmişdi. Vətən müharibəsində Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız mənzərə çox dəhşətli idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı. Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü «bayraq sancmağa heç bir yer tapmadıq»- deyərkən, Füzulinin acı mənzərəsini aydın canlandıra bilmişdi.
Vətən müharibəsinin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyük mərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan silahlı qüvvələri geriyə çəkilməyə başladılar. Düşmənin keçilməz «Ohanyan səddi» adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və planlı aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və nəticədə düşmənin məhv edilməsi bizi qələbəyə yaxınlaşdırırdı. Ermənistan silahlı qüvvələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc