34 İl Sonra: Xocalı Faciəsi və Bərpa Olunan Ədalət
Xocalı soyqırımının törədilməsindən 34 il ötür. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır bir cinayət idi. 34 il əvvəl – fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 600-dən çox insan, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirildi.
Vətən müharibəsi və Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ədaləti bərpa etdi. Biz torpaqlarımızı, o cümlədən Xocalını azad etdik və ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizənin həm haqlı, həm də qaçılmaz olduğunu sübut etdik. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfər ədalətin tarixi təntənəsi oldu. Vaxtilə işğal olunmuş torpaqlarımızda bu gün Azərbaycanın Dövlət Bayrağı qürurla dalğalanır. Bununla belə, tam ədalət yalnız Azərbaycan xalqına qarşı cinayətlər törədən şəxslərin layiqli cəzalarını alması ilə mümkündür. Tarix göstərir ki, cəzasız qalan cinayətlər yeni cinayətlərə zəmin yaradır.
Azərbaycan xalqı keçmişin ağrılarını dəf etmək və ədaləti bərpa etmək baxımından mühüm nümunə ortaya qoydu. Təkcə torpaqlarımızı azad etməklə kifayətlənmədik, eyni zamanda separatçı rejimin rəhbərlərini və qətliamlara görə məsuliyyət daşıyan yüksək rütbəli şəxsləri həbs edərək ədalət mühakiməsinə çıxardıq. Onlar məhkəmə qarşısında cavab verdilər və layiq olduqları cəzaları aldılar.
XX əsrdə xalqımızın üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı qətliamı miqyasına və amansızlığına görə insanlıq tarixində dərin iz buraxmış hadisələrlə müqayisə olunur. Bu faciə yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ağır cinayətlərdən biridir. “Soyqırımı” anlayışının hüquqi mahiyyəti 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyada təsbit olunub və hər hansı milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən əməlləri əhatə edir.
Bu gün Xocalı soyqırımı bir sıra ölkələrin parlament aktlarında tanınıb və pislənib. Bir çox dövlətlərin qanunverici orqanları və ABŞ-ın ayrı-ayrı ştatları tərəfindən müvafiq qətnamələr qəbul edilib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının müxtəlif sessiyalarında Xocalıda törədilmiş cinayətlərin soyqırımı kimi tanınması ilə bağlı qərarlar qəbul olunub və üzv dövlətlər bu istiqamətdə fəal mövqe nümayiş etdirməyə çağırılıblar. Xarici ölkələrdə Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidələr də beynəlxalq ictimaiyyətin bu faciəyə biganə qalmadığını göstərir.
Hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xocalıda da genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Şəhər və kəndlərə ailələrin mərhələli şəkildə köçürülməsi həyata keçirilir. Bu, həm tarixi ədalətin bərpası, həm də doğma torpaqlarımıza həyatın yenidən qayıtmasının bariz nümunəsidir. Xocalı Soyqırımı Memorial Kompleksi isə gələcək nəsillərə bu faciəni unutdurmayan, həm də dünya ictimaiyyətinə həqiqətləri çatdıran mühüm bir yaddaş məkanı olacaq.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim























