31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Ulu Öndər Heydər Əliyevin Tarixi Qərarı və Milli Birliyin Təməli
Azərbaycan xalqının tarixində milli həmrəyliyin, birlik və bütövlüyün rəmzinə çevrilmiş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsadüfi bir tarix deyil. Bu günün bayram kimi təsis olunması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, milli maraqlara söykənən strateji düşüncəsinin və azərbaycançılıq ideologiyasının bariz təzahürüdür. Məhz Ulu Öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında qəbul edilən tarixi qərar dünya azərbaycanlılarının taleyində yeni bir mərhələnin başlanğıcı oldu. 1991-ci il Azərbaycan üçün mürəkkəb və ziddiyyətli bir dövr idi. Sovet İttifaqının süqutu, ölkədə hökm sürən siyasi xaos, erməni təcavüzü və informasiya blokadası xalqın taleyini ciddi sınaq qarşısında qoymuşdu. Belə bir ağır şəraitdə xalqın milli kimliyini, tarixi yaddaşını və mənəvi birliyini qorumaq həyati əhəmiyyət daşıyırdı. Naxçıvan Muxtar Respublikası isə həmin dövrdə milli iradənin qorunduğu və dövlətçilik düşüncəsinin yaşadıldığı əsas mərkəzlərdən biri idi. Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi ilə Naxçıvanda atılan addımlar təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın gələcək taleyinə yönəlmişdi. 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar da bu strateji baxışın mühüm tərkib hissəsi idi.
31 Dekabr tarixi Azərbaycan xalqının parçalanmış taleyini və eyni zamanda onun birliyə olan sarsılmaz iradəsini özündə ehtiva edir. Bu tarix 1989-cu ildə Araz çayı boyunca baş verən hadisələrlə, sərhədlərin süni şəkildə ayrılmasına etiraz edən azərbaycanlıların həmrəyliyi ilə sıx bağlıdır. Məhz bu hadisələr milli özünüdərkin güclənməsinə, dünya azərbaycanlılarının eyni kökə, eyni tarixə və eyni taleyə sahib olduqlarını dərk etmələrinə təkan verdi. Ulu Öndər Heydər Əliyev bu tarixi faktı yüksək siyasi uzaqgörənliklə dəyərləndirərək 31 Dekabrın ümumxalq bayramı səviyyəsinə qaldırılmasına nail oldu. Bununla da o, təkcə keçmişə qiymət vermədi, həm də gələcək nəsillər üçün milli birlik ideyasını institusionallaşdırdı. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid ideya ətrafında birləşdirən mənəvi körpüdür. Bu gün dilindən, dinindən, yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlıya öz milli kimliyini xatırladır. Ulu Öndərin təşəbbüsü ilə əsası qoyulan bu bayram sonradan azərbaycançılıq ideologiyasının əsas dayaqlarından birinə çevrildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor və milli birlik siyasəti Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurlu davamıdır. Dünya azərbaycanlıları vahid mövqedən çıxış edərək Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə töhfə verirlər. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bayram deyil, həm də məsuliyyətdir. Bu gün hər bir azərbaycanlıya öz kökünə, tarixə və milli dövlətinə bağlılıq hissini aşılayır. Ulu Öndər Heydər Əliyevin 1991-ci il dekabrın 16-da Naxçıvanda verdiyi tarixi qərar milli birlik ideyasını zaman və məkan hüdudlarından kənara çıxararaq əbədi dəyərə çevirdi. Bu qərar sübut etdi ki, xalqın gücü onun həmrəyliyindədir. Məhz bu həmrəylik Azərbaycan dövlətinin möhkəmlənməsinin, milli maraqların qorunmasının və gələcəyə inamla addımlamağın əsas təminatıdır.
Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı məltb liseyin direktoru





















