30 ildən çox davam edən işğal
1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmiz beynəlxalq birlik tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Bu ərazilər işğal edilsə də suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Çünki suverenlik dövlətin davamlılığını və qarşılıqlı münasibətlərini təmin edən əsas amil kimi çıxış edir. Ermənistanın müasir dövlət prinsiplərinə yanaşması orta əsr yanaşmasına əsaslanırdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Ermənilər bir növ suveren dövlətlər sistemində yaşadıqlarını unudub, orta əsr qaydalarına uyğun olaraq dövləti canlı varlıq kimi nəzərdən keçirirdilər. Sanki dövlət digər dövlətlərin ərazilərini işğal edib istədiyi qədər ekspansiya edə bilərdi. Onlar unutdular ki, suveren dövlət artıq hüquqi əsaslara, davamlı mövcudluğa malikdir və onun tanınmış sərhədlər daxilində mövcudluğu beynəlxalq hüquq tərəfindən qorunur.
Düşmənin yeni işğalçılıq siyasəti və növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan Respublikası öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuş, 2023-cü il sentyabrın 19-da işğal atlındakı ərazilərimizdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmış və 23 saat davam edən bu əməliyyat həmin il sentyabrın 20-də başa çatmış və rəşadətli ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova