30-a yaxın yeni su anbarı tikilməli, sayğaclaşdırma 100 faizə çatdırılmalıdır
Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə bu vaxta qədər görülən işlər, həmçinin yeni hədəflər açıqlanıb. Prezident cənab İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan son 20 il ərzində potensialı 500 milyon kubmetrdən çox olan dörd böyük su anbarı inşa edib. Çünki Azərbaycan suya yalnız texniki məsələ kimi deyil, eyni zamanda, idarəetmə, iqtisadiyyat, ekologiya və sosial məsuliyyət məsələsi kimi yanaşır. Hazırda dövlətlər su probleminin həlli istiqamətində təkmil strategiyalar hazırlayır. Çünki su probleminə yalnız iqlim və ya ekologiya məsələsi kimi baxmaq düzgün deyil. Dünyada 2,2 milyard insanın təhlükəsiz içməli suya çıxışdan məhrum olduğu bir vaxtda, suyun təhlükəsizlik və dövlətlərarası münasibətlərin əsas xəttinə çevrildiyi müşahidə edilir. “Nəzərə alsaq ki, 2050-ci ilə qədər iqlim dəyişikliyi və əhali artımı səbəbindən əlavə bir milyard insan ekstremal su qıtlığı ilə üzləşəcək, o zaman bu sahədə gecikmə iqtisadi böhran, miqrasiya və regional gərginliklər deməkdir. Azərbaycan da bu məsələyə kompleks, uzunmüddətli və koordinasiyalı yanaşır. Cənubi Qafqazda su ehtiyatları bölgüsündə ən aşağı göstərici ölkəmizdə olduğu üçün, dövlət bu strateji problemin həlli istiqamətində vacib addımlar atır. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın da əsas hədəfləri əhalinin su təhlükəsizliyinin təmin edilməsidir. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə edilən böyük Qələbə su probleminin həllinə müsbət təsir edib. Məlumdur ki, Azərbaycanın su mənbələrinin təxminən dörddəbiri vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Hətta 30 illik işğal dövründə Ermənistan “Suqovuşan” və “Sərsəng” su anbarlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edib. Prezident İlham Əliyevin də dəfələrlə söylədiyi kimi, bu, ölkəmizə qarşı açıq terror idi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra isə su ilə bağlı təzyiq təhlükəsinin qarşısı alınıb, azad edilən ərazilərimizdəki su anbarları bərpa olunub və yeniləri inşa edilib.
Dünyada iqlim dəyişikliyi ilə bağlı narahatlığın hökm sürdüyü bir vaxtda Azərbaycanın su təhlükəsizliyi məsələsi sistemli şəkildə öz həllini tapır. Məqsəd əhalini, sənayeni və kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq və potensialı artırmaqdır. Dövlətimizin başçısının göstərişi ilə hazırlanan “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri





















