Paytaxtın 298 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Qanunla.az” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Daha sonra tədbirdə məktəbin direktoru Tuqay Rzazadə çıxış edərək bildirib ki, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. O gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanları daha sıx birləşdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna – milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Şəhid ailə üzvləri Ziyafət Abbasova Ziyafət, Hicran Tağıyeva, Surə Məmmədova və Dilşad Orucova, Şərafət Məmmədova və Dürrə Bayramova bildiriblər ki, bu faciənin gənclər və məktəblilər tərəfindən dərin ehtiramla anılması bir daha sübut edir ki, Vətən naminə canından keçən şəhidlərimizin xatirəsi zamanın sınağından keçərək Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Onların tökdüyü qan azadlıq yolunun susmayan çağırışına çevrilib və bu çağırış nəsildən-nəslə ötürülərək 44 günlük Zəfərlə nəticələnib.

2 a sinfinin rəhbəri Zeynəb Əliyeva tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açdı. Həmçinin qeyd olundu ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin yalnız ildönümlərində deyil, hər zaman xatırlanması şagirdlərə tövsiyə edildi.
Tədbir boyu fonda 20 yanvar hadisələrini əks etdirən slaydlar, vidioçarxlar nümayiş etdirildi.

2 a sinfinin valideynləri çıxış edərək belə tədbirlərin şagirdlərdə milli qurur hissinin formalaşnasında oynadlğı müstəsna roldan danışıblar.
Valideynlər vətənpərvərlik təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq şagirdləri vətənpərvərliyə səsləyib.
Daha sonra 2 a sinif şagirdlərinin ifasında faciəni əks etdirən şeirlər səsləndirilib, mahnılar ifa edilib, səhnəciklər nümayiş etdirilib.
Orxan Rasifoğlu























