27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
Cəbrayılın işğalı təkcə bir rayonun deyil, bütün Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Lakin bu acıya mərdliklə dözən Cəbrayıl sakinləri heç vaxt ümidsizliyə qapılmadılar. Onlar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədilər. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl rayonu işğaldan azad edildi.
Bu mühüm qələbə müharibənin gedişində yeni mərhələnin başlanğıcı oldu. Cəbrayılın azad olunması ilə cəbhədə üstünlük qazanan ordumuz Xocavənd rayonunun cənub kəndləri və strateji baxımdan vacib olan Hadrut qəsəbəsi istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Bu uğurlar Vətən müharibəsində qazanılan ümumi Zəfərin təməlini qoydu. Əldə olunan üstünlük nəticəsində Azərbaycan Ordusu ardıcıl şəkildə Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissəsini düşməndən azad etdi. Ən önəmlisi isə Laçın dəhlizi üzərində nəzarətin təmin olunması oldu ki, bu da Ermənistanla birbaşa təmas xətlərində üstün mövqe əldə etməyə imkan verdi. Beləliklə Cəbrayıl əməliyyatı təkcə bir rayonun azad olunması ilə yekunlaşmadı, bu, ümumi Zəfərin başlanğıc nöqtələrindən biri kimi tarixə düşdü və son nəticədə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynadı. Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi: “Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. “
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini