26 avqust – Laçın şəhəri günü Azərbaycanın post-münaqişə dövründə dövlət siyasətinin aydın ifadəsidir
Laçın rayonunun iqtisadi potensialı həm kənd təsərrüfatı, həm də turizm baxımından geniş imkanlar təqdim edir. Zəngin yaylaqlar və meşə massivləri heyvandarlıq, arıçılıq və balıqçılıq sahələrinin inkişafına şərait yaradır. Laçında həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri – yolların yenidən qurulması, elektrik və su xətlərinin çəkilməsi, şəhər və kəndlərin bərpası rayonun iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir, bölgədə investisiya mühitini yaxşılaşdırır.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi regionu həm Azərbaycanla, həm də dünya ölkələri ilə birləşdirərək beynəlxalq ticarət, turizm və investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Hava limanı Laçının strateji əhəmiyyətini iqtisadi baxımdan da təmin edir və bölgənin davamlı inkişafına güclü təkan verir. Bu təşəbbüs yalnız nəqliyyat infrastrukturunun modernləşdirilməsi deyil, həm də post-müharibə dövründə həyata keçirilən iqtisadi siyasətin uğurlu nümunəsi kimi dəyərləndirilir.
Keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı sosial və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq yüzlərlə ailə Laçında tikilmiş yeni evlərə yerləşdirilmiş, şəhər və kəndlərdə məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və digər sosial infrastruktur yaradılmışdır. İnsanların ata-baba yurdlarına qayıtması milli kimliyin bərpasında, tarixi yaddaşın qorunmasında həlledici rol oynayır və cəmiyyətin birlik hissini möhkəmləndirir. Eyni zamanda, bu proses regional sabitliyi və sosial rifahı gücləndirir, əhali arasında müsbət demoqrafik dinamikanın formalaşmasına xidmət edir.
26 avqust – Laçın şəhəri günü Azərbaycanın post-münaqişə dövründə dövlət siyasətinin aydın ifadəsidir. Rayonun bərpası göstərir ki, ölkəmiz yalnız ərazi bütövlüyünü təmin etməklə kifayətlənmir, həm də bu torpaqlarda həyat yaradır, sosial və iqtisadi inkişafı təmin edir. Laçın artıq təkcə Qələbənin deyil, eyni zamanda gələcəyə inamın və davamlı inkişafın bir təzahürüdür.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru