26 avqust – Laçın şəhəri günü.
1992-ci ilin mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğalı Azərbaycan tarixində ən faciəli səhifələrdən biri oldu. Rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Ermənistanın hərbi təcavüzü nəticəsində yüzlərlə sosial obyekt, təhsil və səhiyyə müəssisələri, sənaye sahələri, mədəniyyət ocaqları dağıdıldı, qiymətli tarixi abidələr vandalizmə məruz qaldı.
Şübhəsiz ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə yol açmış, düşmənin mövqeyini gücləndirmişdir. Çünki həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardı. Ermənistanı Qarabağla birləşdirən yollar məhz Laçından keçirdi. Nəticədə, Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında maneəsiz əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələri və hərbi texnikanı daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına və sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan qazanmışdır. İşğal altında olduğu illərdə Laçın təkcə hərbi deyil, həm də siyasi məqsədlərə xidmət edən bir məkan kimi istifadə olundu. Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq burada qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirdi. Coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin talan olunması, rayonun iqtisadi potensialının qarət edilməsi Ermənistanın işğalçılıq siyasətinin bariz nümunələridir. Buraya Suriyadan və digər ölkələrdən erməni əsilli ailələrin köçürülməsi isə açıq şəkildə demoqrafik tərkibin zorla dəyişdirilməsi idi. Bütün bunlar Ermənistanın beynəlxalq hüquq normalarını tapdaladığını, işğalı möhkəmləndirmək üçün məqsədyönlü siyasət apardığını sübut edirdi. 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər Laçın üçün də tarixi dönüş nöqtəsi oldu. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana təhvil verildi. Daha sonra 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu. Bununla da tarixi ədalət bərpa edilərək 30 ilə yaxın davam edən ədalətsizliyin aradan qaldırıldı. Bu gün Laçın Azərbaycanın azad edilmiş torpaqları sırasında yenidən qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Laçına ilk sakinlər geri dönüb. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə burada müasir infrastruktur layihələri həyata keçirilir, eyni zamanda işğalın vurduğu yaraları sağaldaraq, Laçın əvvəlkindən də güclü bir mərkəzə çevrilir. Azərbaycanın qəhrəmanlıq salnaməsində Laçın rayonu həm mübarizə, həm də quruculuq simvoluna çevrilmişdir. İşğaldan azad edilməsindən sonra burada başlanan genişmiqyaslı yenidənqurma işləri Laçını yalnız tarixi ədalətin bərpası yox, həm də müasir inkişaf modelinin nümunəsinə çevirir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən qələbədə Laçının azad olunması xüsusi strateji əhəmiyyət daşıdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Dövlət başçımız İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olundu. Həmin qərara əsasən 26 avqust “Laçın şəhəri günü” kimi qeyd edilir. Bu gün Laçının əzəli Azərbaycan torpağı olaraq yenidən dirçəlişinin təntənəsidir.
Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.