2025-ci il Azərbaycan–Amerika münasibətlərində tarixi dönüş nöqtəsi kimi
Azərbaycan–Amerika münasibətlərinin çoxillik tarixində 2025-ci il xüsusi əhəmiyyətə malik bir mərhələ kimi dəyərləndirilə bilər. Bu il iki ölkə arasında münasibətlərin inkişafına uzun illər maneə olmuş siyasi- hüquqi məhdudiyyətlərin aradan qaldırılması baxımından mühüm dönüş nöqtəsi hesab olunur. Söhbət, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş və Azərbaycan–ABŞ münasibətləri üzərində illər boyu “qara bulud” kimi dolaşan məşhur 907-ci düzəlişdən gedir.
Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə, xüsusilə də ABŞ kimi qlobal güc mərkəzi ilə normal və bərabərhüquqlu münasibətlər qurmağa çalışmışdır. Lakin erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin sistemli fəaliyyəti nəticəsində qəbul edilmiş 907-ci düzəliş bu münasibətlərin tam potensialla inkişafına ciddi maneə törətmişdir. Bu düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımını faktiki olaraq məhdudlaşdırır, regionda yaranmış real vəziyyəti isə tam əks etdirmirdi.
Buna baxmayaraq, Azərbaycan dövləti müxtəlif mərhələlərdə ABŞ-la əlaqələrin normallaşdırılması və inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmışdır. Xüsusilə enerji təhlükəsizliyi, terrorla mübarizə, regional sabitlik və beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycan etibarlı tərəfdaş kimi özünü sübut etmişdir. Lakin Ermənistan–Azərbaycan münaqişəsinin uzun illər davam etməsi və 907-ci düzəlişin qüvvədə qalması ABŞ siyasi dairələrində münasibətlərin daha geniş müstəvidə qurulmasına imkan vermirdi.
Artıq bu maneələr aradan qalxmışdır. Bunun iki əsas və obyektiv səbəbi vardır. Birincisi, Ermənistan–Azərbaycan müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıdır. Bu tarixi hadisə regionda yeni geosiyasi reallıqlar yaratmış, süni və əsassız ittihamlar üçün zəmin qalmamışdır. İkincisi isə ABŞ-da Prezident Donald Tramp administrasiyasının hakimiyyətdə olmasıdır. Bu administrasiya praqmatik yanaşması, milli maraqlara əsaslanan siyasəti və real güc balansını düzgün qiymətləndirməsi ilə seçilir.
Prezident Tramp və onun komandası çox yaxşı anlayır ki, Cənubi Qafqaz regionunda güclü siyasi iradəyə, iqtisadi potensiala və artan beynəlxalq nüfuza malik Azərbaycanla əməkdaşlıq ABŞ üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan isə öz növbəsində, müstəqil xarici siyasət yürüdən, beynəlxalq hüquqa əsaslanan və tərəfdaşlıq münasibətlərinə açıq olan bir dövlətdir. Bu qarşılıqlı maraqlar münasibətlərin yeni mərhələyə keçməsini labüd etmişdir.
Məhz bu kontekstdə Ağ Evdə keçirilmiş rəsmi mərasim zamanı Prezident Donald Trampın 907-ci düzəlişə son qoyulması ilə bağlı verdiyi qərar xüsusi rəmzi və siyasi məna daşıyır. Hərçənd ki, bu düzəlişin tam hüquqi baxımdan aradan qaldırılması üçün Konqresin müvafiq qərarı hələ də tələb olunur, lakin Prezident səviyyəsində atılmış bu addım ABŞ dövlətinin Azərbaycanla münasibətlərə yeni baxışının bariz göstəricisidir. Xüsusilə qeyd edilməlidir ki, bu tarixi qərar mənim də iştirak etdiyim mərasimdə elan edilmişdir ki, bu da hadisənin həm siyasi, həm də mənəvi əhəmiyyətini daha da artırır.
Rəmzi Şirinov-Zərdab rayonu Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbinin direktoru




















