2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın bu gün özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim diqqətdə saxlayan cənab Prezident İlham Əliyev Laçın rayonuna səfərlər edib. Bu səfərlər Böyük Qayıdışa xidmət edən mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb.
2023-cü ilin 28 May-Müstəqillik Günü laçınlıların Laçın şəhərinə qayıdışı ilə tarixə yazıldı. Dövlətimizin başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edərkən azad edilmiş torpaqlarımızda aparılan geniş miqyaslı bərpa-quruculuq işlərinin fonunda bu çağırışı səsləndirmişdir ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma şəhərlərinə, kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571, Zabux kəndinə 217, Sus kəndinə 59, Bəylik kəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib. Təbii ki, bu rəqəmlər son deyil. Soydaşlarımızın mərhələ-mərhələ azad edilmiş şəhər və kəndlərə qayıdışı davam edir.
Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın tikintisi planlaşdırılır. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir.
Bu gün azad Qarabağımız və Şərqi Zəngəzurumuz sözün əsl mənasında cənnət məkana çevrilir. Bu torpaqlara qayıdan soydaşlarımızın timsalında isə Azərbaycan xalqının əyilməz ruhunu görürük.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri