2003-2018 milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür.
Azərbaycan xalqı üçün milli ideya, milli birlik anlayışları olduqca önəm kəsb edir. Prezidentimiz cənab İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirmişdir. Onun səyi nəticəsində azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. 2003-2018-ci illər eyni zamanda Azərbaycanda inkişaf dövrüdür. Azərbaycan müxtəlif növ sahələr üzrə sürətli şəkildə inkişaf etmişdir. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. Biz bunu dəfələrlə əsaslı şəkildə sübut etmişik. 2016-cı ildə baş verən aprel döyüşlərini xatırlayaq. Bu döyüşlər Azərbaycan ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Bu bizim inkişafımızda olduqca vacib rol oynadı. Xarici əlaqələrimizi gücləndirdi. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirdi. Həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Ölkə başçımızın apardığı siyasət və atdığı əmin addımlar öz nəticəsini göstərdi. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Beləliklə, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Lətifli Tükəz – Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi



















