image-qanunla-reklam
image-martyrs_lane_5-1920x1000

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu

image-lady-day-az

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bir sözlə, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların böyük bir kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. 20 Yanvar faciəsinin törədilmə səbəblərindən bəlli olur ki, bu, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir.

Ölkə Prezidenti seçildikdən sonra Ulu Öndərin təşəbbüs və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. 20 Yanvar hadisələri mövzusunda danışrakən Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

“20 Yanvar Şəhidi” fəxri adı da məhz 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə təsis edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Ölkə başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Bütün bunlarla yanaşı, 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirələri xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Soltanova Zahidə Cəmilağa qızı.

Saatlı rayon dövlət Rəsm Qalereyasının əməkdaşı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki