20 sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də milli birliyimizin və ərazi bütövlüyümüzün əbədi rəmzidir
Prezident cənab İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bununla əlaqədar Azərbaycan Respublikasının prezidenti çıxışında bildirmişdir ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır” – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
Müharibədən sonra da ölkəmiz qarşısına yeni vəzifələr qoydu. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərlərimiz yenidən inşa olunur, kəndlərimiz bərpa edilir, yollar, tunellər, elektrik xətləri çəkilir. Bölgəyə həyat qayıdır, insanlar doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə böyük qayıdış proqramını gözləyirlər.
Bu, yalnız hərbi-siyasi uğur deyil, həm də xalqımızın milli birliyinin, iradəsinin və mübarizə əzminin tarixi təntənəsidir. Tarixi Zəfərimiz Azərbaycan xalqının gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün azad Qarabağda qurulan yeni həyat xalqımızın gələcəyə inamını, dövlətimizin möhkəm iradəsini və qalib xalq olaraq qürurumuzu əks etdirir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərlər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuş, yeni məktəblərin, bağçaların, hotellərin, teatrların, zavodların, yolların, məscidlərin və digər sosial infrastruktur obyektlərinin açılışlarında iştirak etmişlər. Bu səfərlər həm də Azərbaycan dövlətinin azad olunmuş torpaqlara xüsusi diqqətini göstərir.
20 sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də milli birliyimizin və ərazi bütövlüyümüzün əbədi rəmzidir. Bu gün biz yalnız torpaqlarımıza qayıdışı deyil, həm də Azərbaycanın gələcəyinə, Qarabağın dirçəlişinə olan böyük inamı bayram edirik.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri