image-qanunla-reklam
image-615201476_1433034011509706_1395233219358826391_n

20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur

image-lady-day-az

20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısı bildirib ki, ölkəmizdə su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Proqram çərçivəsində su ehtiyatlarının artırılması və dayanıqlı idarə olunması üçün ölkə üzrə təxminən 30 yeni su anbarının inşası həyata keçiriləcək. Bununla yanaşı, Bakı şəhərinin 30 küçəsində yeni yağış suyu kollektorları yaradılacaq ki, bununla da intensiv yağıntılar zamanı küçə və yolların su altına qalması və daşqın risklərinin minimuma endirilməsi təmin ediləcək, texniki su bazası yaradılacaq.. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.

Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq. Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Mən artıq bu barədə məlumat verdim. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır. Ölkə rəhbərliyi daim respublikamızda su probleminin həlli üçün həyati əhəmiyyətli addımlar atır, irimiqyaslı layihələr həyata keçirir. Biz vətəndaşlar da ölkəmizdə bəşəriyyətin ən qiymətli sərvəti olan su ehtiyatlarının qorunması üçün əlimizdən gələi etməli, israfçlığa yol verməməliyik. Axı hamımız yaxşı bilirik ki, Azərbaycan Cənubi Qafqazın ən az su resurslarına malik ölkəsidir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki