2 Fevral – Azərbaycan Gəncləri Günü.
Gənclik hər bir xalqın gələcəyini müəyyən edən əsas ictimai qüvvədir. Dövlətin davamlı inkişafı, milli-mənəvi dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və müasir dünyanın çağırışlarına uyğunlaşma birbaşa gənc nəslin dünyagörüşü, savadı və vətənpərvərliyi ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənclərin bu mühüm rolunu hər zaman düzgün qiymətləndirmiş, onları ölkənin sabahı, dövlətçiliyin əsas dayağı kimi görmüşdür. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi elan edilmişdir. Azərbaycan gəncliyi tarix boyu xalqın taleyüklü məsələlərində fəal iştirak etmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşan maarifçilik hərəkatında gənclər milli şüurun oyanmasında mühüm rol oynamış, ana dilinin, mədəniyyətin və milli dəyərlərin qorunması uğrunda mübarizə aparmışlar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin dövlət quruculuğuna cəlb edilməsi, onların xarici ölkələrə təhsil almağa göndərilməsi gənclərə verilən yüksək dəyərin göstəricisi idi. Lakin bu siyasətin davamlı və sistemli şəkildə həyata keçirilməsi yalnız müstəqil Azərbaycan dövründə mümkün olmuşdur. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ağır siyasi və iqtisadi böhranlarla üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili sabitliyin pozulması, sosial problemlərin dərinləşməsi gənclərin həyatına da mənfi təsir göstərirdi. Bu dövrdə gənclər arasında ümidsizlik, işsizlik və gələcəyə inamsızlıq halları artmışdı. Belə bir mürəkkəb şəraitdə gənclərin milli ideyalar ətrafında birləşdirilməsi, onların dövlətə olan inamının bərpa edilməsi xüsusi əhəmiyyət kəsb edirdi. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. O, ölkədə sabitliyin bərpası ilə yanaşı, gənclik siyasətinin əsaslarını da formalaşdırdı. Heydər Əliyev gəncləri cəmiyyətin aparıcı qüvvəsi hesab edir, onların problemlərinin həllini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirdi. Onun təşəbbüsü ilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, təhsil imkanlarının genişləndirilməsi və ictimai fəallığının artırılması istiqamətində mühüm addımlar atıldı. 1996-cı il fevralın 2-də Bakıda keçirilən Birinci Azərbaycan Gənclər Forumu müstəqil Azərbaycan gəncliyinin həyatında mühüm tarixi hadisə oldu. Bu forum gənclərin dövlət başçısı ilə birbaşa ünsiyyət qurması, öz problemlərini və təkliflərini açıq şəkildə ifadə etməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Heydər Əliyevin forumda çıxışı, gənclərlə səmimi dialoqu və onların fikirlərinə göstərdiyi diqqət gənclərə olan yüksək etimadın bariz nümunəsi idi. Forum zamanı gənclərin təhsil, məşğulluq, sosial təminat və vətənpərvərliklə bağlı məsələləri geniş müzakirə edildi və onların həlli istiqamətində konkret tapşırıqlar verildi. Məhz Birinci Azərbaycan Gənclər Forumunun tarixi əhəmiyyətini nəzərə alaraq, Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Gənclər Gününün təsis edilməsi Azərbaycan gəncliyinin ictimai-siyasi proseslərdə daha fəal iştirak etməsinə stimul verdi və gənclərin dövlət quruculuğunda məsuliyyətini artırdı. Bu qərar gənclərə göstərilən dövlət qayğısının rəsmi ifadəsi olmaqla yanaşı, onların cəmiyyət həyatında rolunun artırılmasına xidmət edirdi. 2 fevral – Azərbaycan Gəncləri Günü yalnız bayram xarakteri daşımır, eyni zamanda dərin ideoloji məzmun kəsb edir. Bu gün gənclərə milli dövlətçilik ideyalarının aşılanması, vətənə sədaqət, müstəqilliyin qorunması kimi dəyərlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyinin təminatçısı hesab edir, onların sağlam düşüncəli, bilikli və vətənpərvər ruhda yetişməsini əsas məqsəd kimi qarşıya qoyurdu. Gənclər Gününün qeyd olunması gənclərin sosial və mədəni inkişafına da mühüm töhfə verir. Bu gün münasibətilə keçirilən tədbirlər gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına, onların cəmiyyətə inteqrasiyasına və fəal vətəndaş mövqeyinin formalaşmasına şərait yaradır. Dövlət qurumları və ictimai təşkilatlar tərəfindən həyata keçirilən layihələr gənclərin təşəbbüskarlığını və liderlik bacarıqlarını inkişaf etdirir. Heydər Əliyevin gənclik siyasəti bu gün də uğurla davam etdirilir. Onun müəyyən etdiyi strateji xətt müasir Azərbaycan dövlətinin gənclərlə bağlı proqram və konsepsiyalarında öz əksini tapmışdır. Gənclərin intellektual potensialının artırılması, onların beynəlxalq arenada ölkəni layiqincə təmsil etməsi və müasir tələblərə cavab verən kadrlar kimi yetişdirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Beləliklə, 2 fevral – Azərbaycan Gəncləri Gününün Heydər Əliyev tərəfindən elan edilməsi tarixi zərurətdən irəli gələn, dərin məna daşıyan və gələcəyə yönəlmiş bir qərar olmuşdur. Bu gün Azərbaycan gəncliyinə göstərilən etimadın, onlara olan inamın və dövlətin gənclərə verdiyi yüksək dəyərin rəmzidir. Heydər Əliyevin müəyyən etdiyi gənclik siyasəti Azərbaycan gənclərinin formalaşmasında mühüm rol oynamış, 2 fevral Gənclər Günü isə bu siyasətin canlı və əbədi simvoluna çevrilmişdir.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri-Əvəz Soltanov





















