image-qanunla-reklam
image-media-1431671-ynpmwvez78lt659fsgaq

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir

image-lady-day-az

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Bəşəriyyət əleyhinə cinayət olan Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Xocalı faciəsi erməni vandalizminin daha bir nümunəsi, yaxud təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar – 63 nəfər;  qadınlar – 106 nəfər;  qocalar – 70 nəfər. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

1992-ci ilin fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Həmin ilin martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Nəhayət 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

“Xocalıya Ədalət” kampaniyası

Bəşər tarixində elə qanlı hadisələr baş verib ki, təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün ağır nəticələrlə yadda qalıb. Bəzən bu qanlı cinayətlərin törədilməsi xalqın öz milli şüurunun, milli kimliyinin dərk edilməsini sürətləndirmiş, azadlıq hərəkatını gücləndirmişdir. XX əsrin əvvələrində erməni millətçiləri tərəfindən xalqımıza qarşı bir çox ağlasığmaz,  hətta tarixdə bənzəri olmayan soyqırımlar törədilib. Şübhəsiz ki, bu cinayətlərin kökü ermənilərin indiki Ermənistan ərazisinə, yəni Qərbi Azərbaycana köçürülməsindən başlayır. Təkcə XX əsrin əvvəllərində xalqımız iki dəfə soyqırıma: 1905-1906, 1918-1920-ci illər, iki dəfə isə 1948-1953, 1988-1991- ci illərdə etnik təmizləməyə məruz qalib ki, bu da soydaşlarımızın öz dədə-baba torpaqlarından qovulması ilə nəticələnib. 1992-ci il 26 fevral tarixində erməni cəlladları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı isə XX əsr tariximizə insanlığa sığmayan növbəti qanlı cinayət kimi daxil oldu. Dinc Xocalı sakinlərinə, uşaqlara, qadınlara, yaşlılara qarşı misli görünməmiş vəhşiliklə törədilmiş bu qətliyam qeyri-insani cəza üsulları ilə yaddaşlarda qalıb və qalacaq. Bir çox məşhur jurnallar Xocalı hadisələrinə biganə qalmayaraq, öz səhifələrində törədilmiş vəhşilikləri əks etdirən yazılara hadisənin baş verdiyi ilk günlərdən yer vermişlər.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ilk dəfə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. İlk dəfə Ulu Öndərin 1997-ci ilin 25 fevral tarixində imzaladığı sərəncama əsasən hər il 26 fevralda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verildi. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaq, soyqırıma hüquqi və siyasi qiymətin verilməsi idi. Sözügedən kampaniya çərçivəsində həm qonşu dövlətlərdə, həm də bir sıra Qərb ölkələrində tədbirlər həyata keçirilmişdir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci il 27 sentyabr tarixində başlatdığı əks-hücum əməliyyatını 2020-ci ilin 8 noyabrında şanlı tarixi Zəfərlə başa çatdırdı. Ermənistandan fərqli olaraq,  Azərbaycan haqq işi uğrunda ədalətli müharibə apardı. Lakin Ermənistan tərəfi döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşdiyi zaman, insanlıq əleyhinə müharibə cinayətlərinə əl ataraq cəbhə xəttindən kənarda yerləşən dinc əhalinin yaşadığı, Gəncəni, Bərdəni, Tərtəri beynəlxalq hüquqla qadağan olunmuş silahlarla atəşə məruz qoydu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti Azərbaycan Ordusunun qəhrəmanlığı, igidlərimizin şücaəti sayəsində Xocalı şəhidlərinin qanı döyüş meydanında alındı. Bu gün əminliklə, qürurla deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. 2023-cu ilin 19-20 sentyabr tarixində keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni seperatçılardan tamamilə azad edildi. Artıq Xocalıya qayıdış prosesinə hazırlığa start verilmişdir.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Mülki əhaliyə qarşı aparılmış cinayət

Xocalı  Xankəndi şəhərindən 14 km şimal -şərqdə yerləşir . 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı . 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər . Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir . Şəhəri tərk etməyə məcbur olan əhali dağlara , meşələrə qaçmış , hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş , onlara amansız divan tutmuşdur .
Erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər öldürülmüş , 487 nəfər şikəst olmuş , 1275 nəfər dinc sakin ağlasığmaz işgəncələrə məruz qalmışdır. 150 nəfərin taleyindən hələ də xəbər yoxdur . Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmişdir . Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmur və unutmayacaq. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd edilir. Hər il fevralın 26-da anım mərasimləri keçirilir. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər , sənədli filmlər nümayiş olunur .

Soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir. Cinayət cəzasız qalmamalıdır. Bu təcavüz dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaqdır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

İşğalın nəticəsində xarabalığa çevrilmiş Xocalı şəhəri

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır,  sağalmasına heç bir ümid qalmır. Xocalı soyqırımıda həmin faciələrdəndir. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.Xocalı soyqırımı əsrin Xatın, Holokost, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ermənilərin Xocalı şəhərini hədəfə almaq məqsədləri bu idi ki, Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xayin ermənilərin Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycana köçürülməsi, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazların verilməsi tezliklə rus-erməni aleansı tərəfındən azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxardı. Birinci rus inqilabının başladığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin Qafqazda ilk müəllifləri olmuşlar. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Belə qırğınların sadalamaqla bitməz. Azərbaycan torpaqlarına köçürüldüklərini gizlətməyən Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə  Ağdarə rayonununda  xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və Ulu Öndərin rəhbərliyi ilə bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu. Ölkə Prezidentinin sərəncamı ilə 26 fevral – Xocalı faciəsi günü elan edildi. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adı çəkilən fərman, beynəlxalq insan haqları haqqında aktlar, BMT nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla yad edir. Rəşədaətli ordumuz Müəzffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərini separatçılardan təmizləməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki