Qeyd edək ki, Ağayev İlkin Tehran oğlu 1986-cı il iyunun 2-də Zərdab rayon Körpükənd kəndində zəhmətkeş ailədə anadan olmuşdur. 1993-2003-cü illərdə M.Hüseynzadə adına Körpükənd kənd tam orta məktəbini bitirmişdir. 2004-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə getmiş, Bakı şəhərində N saylı hərbi hissədə xidmət etmiş, 2006-cı ildə hərbi xidmətini başa vururaraq evə dönmüşdür. Hərbiyə olan həvəsi onu 2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə (TTM) aparıb çıxardı. Altı aylıq kurs keçərək, gizir hərbi rütbəsi aldı. 2007-ci ildə Naxçıvanın Şahbuz rayonunda, 2012-ci ildə Tovuzda N saylı hərbi hissədə xidmət etdi. 2013-cü ildə Cəmşid Naxçıvanski adına liseydə hərbinin sirlərini uşaqlara yüksək səviyyədə öyrətmişdi. 2016-cı ildə Beyləqanda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2020-ci il 27 sentyabr tarixindən başlayan II Qarabağ – Vətən müharibəsi yenidən onun qanını çoşdurur, könüllü olaraq 30 sentyabr tarixində Vətənin köməyinə yollanır. Onun döyüş yolu Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin azad olunması uğrunda olmuşdur. Bu döyüşlərdə o, qəhrəmanlıq göstərmişdir. Bu döyüşlərdəki qələbələr şəhidlərimizin, qazilərimizin qanı bahasına əldə edilmişdir. Ağayev İlkinin son döyüşü Şuşa şəhəri uğrunda olmuşdur. Dünya hərbçiləri Şuşanı alınmaz hesab edirdilər. Çünki Şuşa şəhərinə yalnız bir yol var idi. Erməni işğalçıları da buna arxayın idilər. Döyüşçülərimiz sıldırım qayalara dırmaşaraq Şuşa şəhərinə düşmənin gözləmədiyi istiqamətdən daxil ola bildilər. İlkin də bu cür igidlərdən biri idi. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə, Ağayev İlkin 8 noyabr 2020-ci il tarixində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldi. İlkin doğma kəndinə bir ağ göyərçin kimi qələbə sorağı ilə qayıtdı.


































