image-qanunla-reklam
image-309713642_520218570108855_7217767604715359238_n

Şəhid adı çox müqəddəsdir və onlar əbədi olaraq bizim müasirimizdirlər, baş tacımızdırlar-Millət vəkili Jalə Əliyeva

image-lady-day-az
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın Milli Məclisin bu günkü iclasında şəhid adının əbədiləşdirilməsi ilə bağlı çıxış etmiş, əlaqədar qurumlara müraciət edərək, təkliflərini səsləndirmişdir.
Qanunla.Az həmin çıxışı təqdim edir:
“Ölkəmizdə şəhid adı çox müqəddəsdir və onlar əbədi olaraq bizim müasirimizdirlər, baş tacımızdırlar.
Azərbaycan dövləti, şəxsən cənab prezident İlham Əliyev və birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bütün şəhid ailələrimizi böyük diqqətlə, qayğıyla əhatə ediblər.
Biz davamlı olaraq şəhid ailələriylə görüşürük. Onlar bu diqqət, bu qayğı üçün dövlətimizə çox minnətdardırlar. Yəqin ki, dünyanın heç bir ölkəsində dövlət şəhidinə, onun ailə üzvlərinə bu qədər diqqət göstərmir.
Məndən əvvəl çıxış edən həmkarlarımın əksəriyyəti bu məsələyə toxundu. Mən də şəhid adının əbədiləşdirilməsi mövzusu ilə bağlı olaraq səsləndirilən məsələlərə qoşularaq şəhidlərimizin adının əbədiləşdirilməsi prosesinin asanlaşdırılmasını və eyni zamanda sistemləşdirilərək təkmilləşdirilməsini təklif edirəm.
Şəhidlərimizi qruplara bölməməliyik. Şəhid adı özü ən boyük addır. Ordenlə, Milli Qəhrəman adı ilə təltif edilənlərin adının əbədiləşdirilməsi, digərlərinə isə bu qaydanın şamil edilməməsi məqsədəuyğun deyil. Onların doğmaları, yaxınları, bütün el-oba bu qərarı gözləyir!
Bizim də bu məsələylə bağlı dəfələrlə əlaqədar qurumlara etdiyimiz müraciətlər hələlik cavabsız qalır. Ona görə də elə buradan əlaqədar qurumlara müraciət edərək, şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciət və təkliflərimizin nəzərə alınmasını, şəhidlərimizin adının əbədiləşdirilməsi üçün konkret vacib addımlar atılmasını xahiş edirəm.
Bir digər məsələ də şəhid adlarının verildiyi küçələrdə tanıdıcı lövhələrlə bağlıdır.
Məlumdur ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin də adları əbədiləşdirilib və onların adları həm Bakı şəhərində, həm də ölkənin digər şəhərlərində küçələrə verilib. Lakin tanıtım lövhələrində onların sadəcə adı və soyadı qeyd edilir. Zaman sürətlə keçir, nəsillər dəyişir. Elə indinin özündə də bəzən bu ad, soyadın məhz kimə aid olduğu bilinmir. Ona görə də həmin adların qarşısına şəhid kəlməsinin yazılması vacibdir.
İnanırıq ki, hörmətli Sahibə xanım, sizin də söylədiyiniz kimi, hazırda müzakirə etdiyimiz bu həssas mövzuya əlaqədar qurumlarımız və əlaqədar şəxslər həssaslıqla yanaşacaq və məsələ tezliklə həllini tapacaqdır.”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki