image-qanunla-reklam
image-1655899821508948417_1000x669

Prezident İlham Əliyevin bu il iyunun 21-də Özbəkistana səfəri xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür

image-lady-day-az

Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri

 Prezident İlham Əliyevin bu il iyunun 21-də Özbəkistana səfəri xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür

 Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə getdi.

Dövlətimizin başçısı Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində iştirak etdi və bildirdi ki, bu möhtəşəm Meydanın yaradılması, küçə, meydan, barelyef, gözəl park Azərbaycan xalqının böyük liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Ulu öndər Heydər Əliyev özbək xalqına da böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə onun Özbəkistanın o vaxtkı rəhbəri Şərəf Rəşidovla dostluğu bütün sovet rəhbərliyinə məlum idi, ulu öndərin 1990-cı illərdə Özbəkistana rəhbərlik etmiş İslam Kərimovla dostluğu da xalqlarımıza məlum idi və bu, münasibətlərimizin bugünkü inkişafının təməli oldu.

Cənab İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan qüdrətli müstəqil dövlətlərdir. Biz qarşılıqlı əlaqələri intensivləşdirməliyik və o zaman iqtisadi qarşılıqlı fəaliyyətimiz, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə çox yaxşı nəticələr qazanacağıq. Bu yolla ticari-iqtisadi sahədə də ciddi tərəqqiyə nail ola bilərik.

Dövlətimizin başçısı ölkəmizin ərazi bütövlüyünün bərpasında Özbəkistanın Azərbaycanı dəstəkləməsindən razılıqla danışıb və deyib ki, Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu bizim üçün çox qiymətlidir, münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Dünyadakı vəziyyəti nəzərə almaqla ölkələrimiz bu gün də müdafiə qabiliyyətlərini möhkəmlətməyə çalışmalıdır. Hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atmağımız, kənar təhdidlərlə mübarizə məqsədilə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət qurmağımız da həmişəkindən daha vacibdir.

Cənab İlham Əliyev kənd təsərrüfatı və texnoparkın inkişafı perspektivlərindən danışarkən vurğulayıb ki, Azərbaycanda ipəkçiliyin inkişafında Özbəkistan yaxından iştirak edib, sizin təcrübəniz və dəstəyiniz ipəkçiliyi inkişaf yoluna çıxarmağımıza imkan verdi. Həmçinin Özbəkistan hökuməti hədiyyə olaraq Füzuli şəhərində növbəti tədris ilinə qədər məktəb tikib istifadəyə verəcək və Azərbaycan bu qardaşlıq münasibətlərini çox yüksək qiymətləndirir.

Bir sözlə, Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri hər iki ölkənin daha da güclənməsinə xidmət edir və bu möhtəşəm səfər şanlı tariximizə xalqlarımızın qardaşlığının və dostluğunun parlaq təzahürü kimi yazıldı.

 

İsaməddin Əhmədov-Zərdab rayon “Əkinçi” qəzetinin baş redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki