image-qanunla-reklam
image-1620647889_1-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur

15 İyun Milli Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

image-lady-day-az

15 İyun Milli Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük təhlükələrə məruz qaldı. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, Azərbaycanın müstəqilliyi həm daxildəki, həm də xaricdəki bəzi dairələri qane etmirdi. Üstəlik, Ermənistanın təcavüzü, bəzi bölgələrimizdəki separatçılıq və parçalanma meylləri ölkəmizi zəiflədir, qardaş qırğını, vətəndaş müharibəsi və bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyurdu.

Belə mürəkkəb və təhlükəli bir məqamda – 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı, Respublika Ali Sovetinin sədri seçilməsi, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan tarixində dönüş nöqtəsi, Milli Qurtuluş, Xilasolma günü oldu.

Beləliklə, 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi, 1997-ci ilin iyununda Milli Məclis iyunun 15-ni bayram elan etdi.

Şərəfli tariximizin şanlı qürur səhifəsi olan 15 iyundan başlayarq ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı, müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı, beynəlxalq aləmdə layiqli yerini tutdu. Ulu öndər Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtardı.

Tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş günü həm də ölkəmizə vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik, sağlam mühit gətirdi.

Ulu öndər bir zamanlar məcburi köçkünlərə demişdi ki, “Arzu edirəm, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Laçın dağları da əzizdir. Biz Laçınsız, Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.

Nə yaxşı ki, xalqımız artıq iki ildir ki, Milli Qurtuluş gününü işğaldan azad olunmuş torpaqlarımızda da qürurla bayram edir.

Bəli, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz ulu öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı həyata keçirərək düşmənin belini qırdı, başını əzdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.

Ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz daim yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında mövqeyini daha da möhkəmləndirir.

Milli Qurtuluş gününüz mübarək!

 

İsaməddin Əhmədov-Zərdab rayon “Əkinçi” qəzetinin redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki