image-qanunla-reklam
image-interpress_5a7bea518fc7145d9b1d57613619abf8_rc2bij47pv31lazyn0gf-640x336

Özəlləşdirmə çeklərinin qanuni və faktiki qiyməti – Günün reallığı

image-lady-day-az

Dövlət özəlləşdirmə payına (çeklərinə) qanunla düşən əmlak ekvivalentinin hüquqi təhlili

Giriş

Doktrina və praktikada ən çox müzakirə edilən suallardan bir də dövlət özəlləşdirmə payına (çeklərinə) qanunla düşən əmlak ekvivalentinin nə qədər olduğu ilə bağlıdır. Bu sual və problemə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edirik:

Hamımıza yaxşı məlumdur ki, dövlət özəlləşdirmə payı Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “Özəlləşdirmə payı” anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, “özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları “Özəlləşdirmə haqqında Dövlət Proqramı” ilə müəyyənləşdirilir”.

Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqramı 29 sentyabr 1995-ci il tarixində qəbul olunub. Bu proqram, Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş I Dövlət Proqramıdır (bundan sonra I Dövlət Proqramı adlanacaq) .

Həmin I Dövlət Proqramının tələblərinə nəzər salsaq, görərik ki, Ulu Öndər sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Respublikamızın əmlakının onun həqiqi sahibi olan Azərbaycan Respublikası xalqına (vətəndaşına) əvəzsiz qaydada verilməsinə xüsusi səy göstərib. Məhz Ulu Öndərin imzasını daşıyan I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin və “Orta və iri müəssisələrin özəlləşdirilməsi” adlanan 8-ci bölməsinin tələblərini və onun imzasını daşıyan digər normativ hüquqi aktları birlikdə nəzərə alaraq bu fikri rahatlıqla demək olar.

Xüsusilə qeyd etməliyik ki, I Dövlət Proqarmının həmin 8-ci bölməsi dövlətə məxusus orta və iri müəssisələrin özəlləşdirilməsində dövlət özəlləşdirmə paylarının (çeklərinin) iştrak nisbətini müəyyən edir. Belə ki, həmin 8-ci bölməninn 3-cü abzasına görə, özəlləşdirmə planına müvafiq olaraq, səhmdar cəmiyyətin (yəni dövlətə məxsus orta və iri müəssisələrin) səhmləri aşağıdakı satış növləri üzrə bölüşdürülür (yəni özəlləşdirilir):

a) 15% – əmək kollektivinə güzəştli satışa yönəldilir;
b) 50%-dən az olmayaraq – çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir;
v) 10-20% – pul auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir;
q) 25%-ə qədər – ixtisaslaşdırılmış sahə və sahələrarası investisiya fondlarını formalaşdırmaq üçün yönəldilir.
Buradan məlum olduğu kimi, dövlətə məxsus səhmdar cəmiyyətlərinin (yəni orta və iri müəssisələrin) səhmlərinin özəlləşdirilməsi zamanı həmin səhmlərin ən azı 50%-i dövlət özəlləşdirmə pay (çek) sahiblərinə onların təqdim etdikləri dövlət özəlləşdirmə payları (çekləri) qarşlığında verilməli idi (bax. b bəndinə).

Bundan başqa həmin 8-ci bölməninn 3-cü abzasının a hissəsinə görə, dövlətə məxsus səhmdar cəmiyyətlərinin (yəni orta və iri müəssisələrin) səhmlərinin özəlləşdirilməsi zamanı həmin səhmlərin 15%-i əmək kollektivinə onların təqdim etdilkəri dövlət özlləşdirmə payları (çekləri) qarşlığında onlara əvəzsiz qaydada verilir (bax a bəndinə).

Qeyd edilənlər əsasında hesab edirik ki, Ulu Öndərin imzaladığı qanunvercilik aktları özəlləşdiriləcək dövlət əmlakının 50%+15% olmaqla cəmi 65%-nin dövlət özəlləşdirmə paylarının (çeklərinin) sahibi olan Azərbaycan Respublikası vətəndaşlarına verilməsini tənzimləmişdir. Yəni 1997-ci il qərarında dövlət özəlləşdirmə paylarını qiymətli kağız ilə təsdiqləyən 32 000 000 dövlət özəlləşdirmə çeki vasitəsilə həmin tarixdə dövlətə məxsus olan ümumi əmlakın 65%-nin həmin çeklər qarşılığında əvəzsiz olaraq Azərbaycan Respublikası vətəndaşlarına verilməsi nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi, Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu və bu qanunun təsdiqlədiyi I Dövlət Proqramı, “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanunun 33.2-ci maddəsi ilə qüvvədən düşüb. Belə ki, həmin 33.2-ci maddədə deyilir ki, “Bu Qanunun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı qüvvədən düşmüş hesab edilsin”.

Lakin qeyd edək ki, həmin Qanunun 33.1-ci maddəsidə isə deyilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar və bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”.

Buradan məlum olduğu kimi, Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının təsdiq edilməsi haqqında” 29 sentyabr 1995-cil tarixli Qanunu və bu qanunun təsdiqlədiyi I Dövlət Proqramının “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası 16 may 2000-ci il tarixli Qanuna zidd olmayan hissələri (normaları) öz qüvvəsini hal-hazırda da saxlayır.

Hesab edirik ki, I Dövlət Proqramının yuxarıda qeyd edilən 8-ci bölməsi “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa zidd deyil. Ona görə də hələ də öz qüvvəsini saxlamalı və özəlləşdirmə proseslərində tətbiq olunmalıdır.

Başqa bir ifadə ilə hazırda da keçiriləcək özəlləşdirmə proseslərində özəlləşdirməyə çıxarılan dövlət əmlakının 65%-i dövlət özəlləşdirmə paylarını (çeklərini) təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməlidir. Bundan başqa onu da qeyd edək ki, bu 65%-lik nisbət II Dövlət Proqramında da olduğu kimi öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti Ulu Öndərin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 5.8-ci bəndində deyilir ki, “Orta və iri dövlət müəssisələri səhmdar cəmiyyətlərinə çevrilməklə, onların bir qismi II Dövlət Proqramının 4.1-ci və 4.5-ci bölmələrinə uyğun olaraq fərdi layihələr üzrə və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilir”.

Göstərilən üsullarla özəlləşdirilən müəssisələr istisna olmaqla, qalan və ya iri müəssisələrin səhmləri, bir qayda olaraq, aşağıdakı nisbətdə (bölgüdə) satılır:

a) 15% – əmək kollektivinə güzəştli satışa yönəldilir;
b) 30% – pul hərraclarına yönəldilir;
c) 55% – ixtisaslaşdırılmış çek hərraclarına (özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına) yönəldilir.

Bu da onu göstərir ki, II Dövlət Proqramı da, I Dövlət Proqramı kimi, keçiriləcək özəlləşdirmə proseslərində özəlləşdirməyə çıxarılan dövlət əmlakının ən azı 65%-nin dövlət özəlləşdirmə paylarını (çeklərini) təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməsini nəzərdə tutur.

2. Dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin dəyəri qanunla necə müəyyənləşdirilib?

Azərbaycan Respublikası qanunvericiliyini araşdıraraq belə qənatə gəlmək olar ki, dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin dəyərinin məyyənləşdirilməsinin iki yolu mövcuddur.

Birinci yol qanunla təsdiqlənmış və qanun qüvvəsində olan I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində tənzimlənib. Belə ki, həmin bölmənin 4-cü abzasına görə, “Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli kağız formasında olan 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir.

5-ci abzasa görə, dövriyyəyə tədavül müddəti üç il olan 32 000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır.

6-cı abzasa görə, özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir.

Məlum olduğu kimi, çeklər çıxarıldığı zaman Azərbaycan Respublikasında qeydiyyatda olan vətəndaşların sayı 8 000 000 nəfər idi. Yəni hər bir Azərbaycan Respublikası vətındaşına 1 dövlət özəlləşdirmə payı, cəmi isə 8 000 000 pay verilmişdir. Hər bir pay isə 4 çekdən ibarət idi. Bütün bunları 2000-ci il tarxili “Özəlləşdirmə haqqında” Qanun da təsdiq edir. Məhz həmin qanunun 1.0.5-ci maddəsinə görə, dövlət özəlləşdirmə payı – dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8 000 000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur.

Qeyd edildiyi kimi, I Dövlət Proqramının 3-cü bölməsinin 6-cı abzasında deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir”.

Buradan həm də məlum olur ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir.

Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür.

Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”.

Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent idi. Deməli Dövlət Əmlak Komitəsi (DƏK) 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çekinin nominal dəyərinin ən azı 500 Amerika Birləşmiş Ştatları dolları olduğunu müəyyən edib.

Təbii ki, bir dövlət özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentinin ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğunu deyə bilərik.

Başqa bir ifadə ilə, 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı Əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub.

Son 25 ildə ən azı on dəfə inflyasiyanın meydana gəldiyini nəzərə alsaq, bu gün üçün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyərinin 10 dəfə artaraq 20 000 ABŞ dolları olduğunu hesab edirik.

Dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin dəyərinin məyyənləşdirilməsinin ikinci yolu isə, qanunla təsdiq edilmiş I Dövlət Proqramının 8-ci bölməsinin 3-cü abzası (bu abzasın “Özəlləşdirmə haqqında” Qanunun 33.1-ci maddəsi ilə hələ də qüvvədə olduğunu hesab edirik) və Fərman ilə təsdiq edilmiş II Dövlət Proqramının 5.8-ci bəndi ilə demək olar ki, eyni formada müəyyən edilmiş yoldur.

Bu qaydaya görə, keçiriləcək özəlləşdirmə proseslərində özəlləşdirməyə çıxarılan dövlət əmlakının (dövlətə məxsus iri və orta müəssisələrin) ən azı 65%-i dövlət özəlləşdirmə paylarını (çeklərini) təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməldir.

Verilmiş rəsmi məlumatlara görə, hal-hazırda 1 600 000 ədəd dövlət özəlləşdirmə payı, yəni 6 400 000 ədəd çek hələ də vətəndaşların mülkiyyətində qalıb. Bu da o deməkdir ki, özəlləşdirməyə çıxarılacaq bütün dövlət əmlakının (orta və iri müəssisələrin) 65%-i bu pay (çek) sahiblərinə məxsusdur və əvəzsiz qaydada onların mülkiyyətinə verildiyi qanunla tənzimlənib.

Hesab edək ki, hazırda dövlətə məxsus olub, gələcəkdə özəlləşdirilə bilən iri və orta müəssisələrin (holdinqlərin, şirkətlərin, firmaların, hətta icarəyə verilmiş və dövlət payı olan müştərək müəssisələrin və digərlərinin) ümumi bazar dəyəri təxminən 200 milyard manatdır. Bu 200 milyard manatlıq iri və orta müəssisələrin 65%-i 130 milyard manat edir. Bu 130 milyard manatı vətəndaşlarda qalan 1 600 000 ədəd dövlət özəlləşdirmə payı sayına böldükdə hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin 81 000 manat olduğu müəyyən olunur. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır.

Nəticə kimi deməliyik ki, dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin bu gün üçün qanunla dəyərinin müəyyənləşdirilməsinin iki yolu mövcuddur. Bu yollardan hansının seçiləcəyi isə tamamilə dövlətə aid bir səlahiyyətdir.

Ümumilikdə yəqin etmək mümkündür ki, vətəndaşların özəlləşdirmə payına kompensasiya veriləcəyi halda birinci, çeklərin bu gün də qüvvədə olan “Özəlləşdirmə haqqında” Qanunun 10-cü maddəsinə uyğun olaraq istifadə olunacağı halda isə ikinci variant nəzərə alınaraq nominal dəyərin müəyyənləşdirilməsi məqsədəuyğun sayıla bilər.

Dövlət özəlləşdirmə paylarının (çeklərinin) bu gün də qanunla qüvvədə olduğuna dair ətraflı məlumat üçün aşağıda göstərilən məqalələrə də baxmaq faydalıdır:

– Özəlləşdirmə çekləri qayıdır

– Diqqət: özəlləşdirmə çekləri qanunla qüvvədədir

– Özəlləşdirmə çeklərinizi “suya atmayın” – Faktlar, sübutlar, incəliklər

Mübariz Yolçiyev,

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti,

Vəkillər Kollegiyasının üzvi, vəkil

[email protected]

Xüsusi olaraq AYNA ücün

Redaksiyadan əlavə xatırlatma:

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə qədər anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə çeklərlə əvəzlələcək 65% Dövlət əmlakının 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib və 1997-ci ildə ən azı 2000 dollar əmlak ekvivalentində olub. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Son zamanlar tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, hüquqşünaslar, iqtisadçılar hökumətə çağırış edərək, çekləri əllərində qalmış vətəndaşların problemlərinin həll edilməsinin vacibliyini ifadə edirlər. Məsələn:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, vətəndaşların əllərində qalan özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilə bilər: “Bununla bağlı geniş müzakirələr aparılır. Yəqin ki, yaxın vaxtlarda konkret fəaliyyət planı təsdiq ediləcək. Əgər dövlət özəlləşdirmə prosesinə başlayarsa, tədavül müddətinin artırılması məsələsinə də baxıla bilər. 2011-ci ildə tədavül müddəti başa çatandan sonra çekləri əllərində qalan vətəndaşlarımız var. İlkin ehtimallara görə, onların sayı yüz minlərlədir. Hesab edirəm ki, onlarla bağlı məsələyə də aydınlıq gətirilməlidir. Və ümid edirəm gətiriləcək də. Belə bir addımın atılması çox yaxşı olardı”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov da AYNA-ya açıqlamasında deyib ki, yüz minlərlə vətəndaşın hüquqlarının pozulması ilə müşayiət olunan prosesə yenidən baxılmalıdır: “Məlumdur ki, bu halda qanunvericiliyin geriyə qüvvəsi mövcuddur. Müddətin məhdudlaşdırılması ilə bağlı qərar geriyə şamil oluna bilməzdi. Digər yandan özəlləşdirmə çekləri ilə bağlı qanunvericilikdə konkret müddət nəzərdə tutulmayıb. Bu baxımdan ona hər hansı məhdudiyyət də qoyula bilməzdi. Nəzərə alanda ki, özəlləşdirmə çekləri ilə bağlı əhali arasında ciddi maarifləndirmə işləri aparılmayıb və onlara müfəssəl məlumatlar verilməyib, prosesi başa çatmış elan etmək olmazdı. Vauçerlər qiymətli kağızdır və onlar paylanan zaman əhəmiyyəti barədə payçılar məlumatlandırılmalıydı. Göründüyü kimi, bütün bunlar baş verməyib. Ortada ciddi nöqsanların olduğuna dair əsaslı iddialar var. Bu baxımdan məsələyə yenidən baxılmalıdır”.

Öz növbəsində deputat Fazil Mustafa əmindir ki, zərər çəkmiş vətəndaşların hüquqları təmin olunmalıdır: “İnvestisiya fəaliyyəti haqqında” yeni qanunda da bu məsələ öz əksini tapa bilər. Bütün hallarda müvafiq mexanizm tapılmalıdır ki, prosesə yekun vurulsun. Çünki bu vauçerlər vətəndaşların halal haqqıdır və onların öz sərmayələrindən istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz. Müvafiq mexanizmlər tapılmalı, birdəfəlik olmasa belə, ardıcıl və sistemli şəkildə kompensasiya ödənişləri həyata keçirilməlidir. Əminəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Vətəndaşın itkilərə məruz qalması ilk növbədə dövlətin özünün ziyanınadır. Dövlət özü maraqlı olmalıdır ki, kompensasiya ödənişləri vaxtında həyata keçirilsin. Çox təəssüf ki, mütəmadi olaraq bu kimi məsələlərdə icraçı məmurlarının yersiz müdaxiləsi ilə qarşılaşırıq. Bunlar yolverilməzdir və məmurların bu prosesə mane olmaq, ləngitmək cəhdləri aradan qaldırılmalıdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da AYNA-ya açıqlamasında təsdiqləyib ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır: “Ötən əsrin 90-cı illərinin sonlarında verilmiş özəlləşdirmə çeklərindən vətəndaşların maraq və mənafeyinə uyğun şəkildə istifadə edilmədi. Məhz elə bu səbəbdən də bəzi vətəndaşlarımız bu vauçerləri satışa çıxardılar. Öz çeklərini başqalarına hədiyyə edənlərlə yanaşı bu gün də özündə saxlayan pay sahibləri var. Bəzi iddialara görə, onların sayı yüzminlərlədir. Lakin bu, dəqiq siyahı deyil və bununla bağlı ətraflı araşdırma aparılmalıdır. Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Halbuki bununla bağlı fərmanda onlar əhaliyə miras kimi göstərilirdi. Həmin işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, YAP-çı deputat Məlahət İbrahimqızı AYNA-ya açıqlamasında xatırladıb ki, həmkarları dəfələrlə bu mövzunu gündəmə gətiriblər: “Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc son dəfə bu mövzunu gündəmə gətirdi. Təbii ki, bu, kifayət qədər vacib məsələdir. Bu gün əllərdə yüzminlərlə özəlləşdirmə çekləri qalıbsa, onların taleyinə aydınlıq gətirilməlidir. Bütün hallarda vauçerlər qiymətli kağızdır. Hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır. Həqiqətən də, çox böyük sayda vətəndaşımıza ziyan dəyib və adekvat addımlar atılmasına, onlara dəyən ziyanın ödənilməsinə çox ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, bu, sadə məsələ deyil və həll olunması zaman tələb edir. Ola bilər ki, mərhələli şəkildə, yaxud da kompensasiya ödənilməsi formasında bu problem öz həllini tapsın”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc hesab edir ki, özəlləşdirmə çekləri məsələsində kompensasiya forması deyil, əlində çeki qalmış insanların gələcəkdə özəlləşmə prosesində hansısa formada iştirakı üzərində düşünülə bilər: “Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiyiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir”.

Öz növbəsində sabiq dövlət müşaviri Qabil Hüseynli gələcəkdə böyük özəlləşmə prosesində özəlləşdirmə çeklərindən istifadə olunmasının gözlənilən olduğunu vurğulayıb: “Böyük özəlləşmədə daha çox çek lazım olacaq. Özəlləşdirmə prosesi ilə bağlı gedişata baxsaq, görərik ki, respublikada kiçik və orta özəlləşdirmə artıq başa çatmaq üzrədir. Müəyyən müddətdən sonra böyük fabrik, zavod və müəssisələrin özəlləşdirilməsinə başlanacaq. Bu zaman özəlləşdirmə çeklərindən istifadə etmək mütləq lazım olacaq. Ona görə də kimin əlində özəlləşdirmə çekləri varsa, möhkəm saxlasın. Çünki böyük özəlləşdirmədə bu çeklərdən istifadə edilə bilər”.

Hörmətli el ağsaqqalı, tibb elmləri namizədi, Tibb Universitetinin dosenti Rəşid Mahmudov da özəlləşdirmə çekləri ilə bağlı məsələyə toxunaraq bildirib ki, vətəndaşlara məxsus əmlak onların haqqıdır və tapdalanmamalıdır: “Ulu Öndər Heydər Əliyev ölkənin ən kasıb vaxtında bütün özəlləşdiriləcək əmlakların 65%-ni miras-əmlak payı kimi ölkə vətəndaşlarına verdi. Heydər Əliyevin bu qərarı tarixi sosial ədaləti bərpa etmək üçün dövlətin siyasətinin əsas prinsipi olaraq qanunla qəbul edib. Ey siyasətçilər və deputatlar, siz Ulu Öndər Heydər Əliyevdən ağıllı siyasətçi olacaqsınız ki, indi ölkənin ən varlı vaxtında, Dövlət Neft Fondunda milyardlarla vəsait olduğu halda büdcəni xalqa məxsus olan əmlakları satmaqla doldurmaq istəyirsiniz?!”.

Və özəlləşdirmə çeklərini ümidlə saxlayan ailələrin diqqətinə: ŞAYİƏLƏRƏ İNANMAYIN – ÇEKLƏRİNİZİ SATMAYIN!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo