İsveç və Finlandiyanın NATO-ya daxil olmaq planları Rusiya administrasiyasını qəzəbləndirib. Bundan sonra Finlandiya Rusiyanın mümkün işğalına hazırlaşmağa başlayıb. 

“Qanunla.az” xəbər verir ki, Finlandiya mümkün müharibə vəziyyətində mülki əhalinin qaçması üçün sığınacaqların hazır olduğunu açıqlayıb.

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “Daily Telegraph” sığınacaqlara daxil olaraq “lüks” bunkerləri araşdırıb.

Paytaxt Helsinkidə bir sığınacağa girən İngilis mediası orada uşaq oyun meydançaları, hovuzlar və istirahət yerlərinin olduğunu bildirib.

Sığınacaqların nüvə, bioloji və kimyəvi hücumlara davamlı olduğu, təkcə Helsinkidə 900 mindən çox insan tutumuna malik 5500 sığınacaq olduğu qeyd olunub.

Finlandiyada 54 min fərqli nöqtədə 4,4 milyon tutumlu sığınacaqların olduğu bildirilir.  Həmçinin qeyd olunub ki, əvvəllər Rusiya ilə döyüşən Finlandiyada bütün körpülər, tunellər və keçidlər müharibə vəziyyətində məhv ola biləcək formada tikilib.